Diplomla Almaniyaya iş vizası necə alınır?
Ali təhsilin və ya rəsmi peşə diplomun varsa və Almaniyada işləmək istəyirsənsə, ixtisaslı işçi vizası — Visum für qualifizierte Fachkräfte sənin üçün uyğun yollardan biri ola bilər.
Bu viza Almaniyada artıq konkret iş yeri tapmış şəxslər üçün nəzərdə tutulur. Yəni yalnız diplomunun olması kifayət etmir. Almaniyadan ixtisas tələb edən real iş təklifi və ya əmək müqaviləsi də almalısan.
Diplomlu iş vizası əsasən iki qrupa bölünür:
- §18a AufenthG — peşə təhsili diplomu olan ixtisaslı işçilər;
- §18b AufenthG — universitet diplomu olan ixtisaslı işçilər.
Almaniya qanununa əsasən, bu oturum növləri ixtisaslı şəxsin Almaniyada “qualifizierte Beschäftigung”, yəni bilik və peşə hazırlığı tələb edən işdə çalışması üçün verilir. Sadə köməkçi və ixtisassız işlər bu viza üçün kifayət etmir.
Diplomlu iş vizası kimlər üçün uyğundur?
Bu viza aşağıdakı şəxslər üçün uyğun ola bilər:
- universitet diplomu olan;
- ən azı ikiillik rəsmi peşə təhsili diplomu olan;
- diplomunu Almaniyada tanıdan və ya müqayisəliliyini sübut edən;
- Almaniyadan konkret iş təklifi alan;
- ixtisas tələb edən vəzifədə işləyəcək;
- əmək şərtləri Almaniyadakı normalara uyğun olan;
- tənzimlənən peşədə işləyəcəksə, peşə icazəsini alan şəxslər.
Bu viza yalnız diplomu olan şəxsin Almaniyaya gedərək iş axtarması üçün nəzərdə tutulmur. §18a və §18b iş vizasına müraciət zamanı adətən artıq konkret iş təklifi və ya imzalanmış əmək müqaviləsi olmalıdır.
Hələ iş tapmamısansa, iş axtarmaq üçün Fürsət kartı və ya başqa uyğun viza variantları nəzərdən keçirilə bilər.
§18a iş vizası nədir?
§18a AufenthG xaricdə və ya Almaniyada rəsmi peşə təhsili bitirmiş şəxslər üçündür.
Məsələn:
- elektrikçi;
- mexatronik;
- avtomobil mexaniki;
- aşpaz;
- çörəkçi;
- qəssab;
- logistika mütəxəssisi;
- sənaye mexaniki;
- tibb bacısı;
- texniki işçi;
- peşə məktəbi və ya kollec məzunu.
Xaricdə alınmış peşə təhsili diplomu ilə §18a vizasına müraciət etmək üçün diplomun adətən Almaniyadakı uyğun peşə ixtisasına tam ekvivalent olduğu müəyyən edilməlidir.
Yəni sadəcə diplomun öz ölkəndə dövlət tərəfindən tanınması hər zaman kifayət etmir. §18a üzrə ixtisaslı işçi vizasında adətən Almaniyada tam peşə tanınması tələb olunur.
Peşə diplomunun tanınması üçün səlahiyyətli qurum aşağıdakılardan biri ola bilər:
- Industrie- und Handelskammer — IHK;
- Handwerkskammer — HWK;
- IHK FOSA;
- əyalətin səhiyyə və ya peşə qurumu;
- digər peşə tanınma idarələri.
Səlahiyyətli qurum seçilən peşəyə və Almaniyada işləyəcəyin şəhərə görə müəyyən edilir.
Peşə diplomunun tanınması necə aparılır?
Peşə diplomunun tanınması zamanı xaricdə aldığın təhsil Almaniyadakı uyğun peşə təhsili ilə müqayisə edilir.
Adətən aşağıdakılar yoxlanılır:
- təhsilin neçə il davam etməsi;
- keçilən dərslər;
- nəzəri və praktiki təhsilin həcmi;
- təcrübə müddəti;
- imtahanlar;
- iş təcrübəsi;
- peşənin Almaniyadakı təhsil proqramı ilə uyğunluğu.
Nəticədə sənə aşağıdakı qərarlardan biri verilə bilər:
Tam tanınma
Diplom Almaniyadakı uyğun peşə ilə tam ekvivalent hesab olunur.
Bu halda §18a iş vizasına müraciət etmək mümkün ola bilər.
Qismən tanınma
Təhsilində müəyyən çatışmazlıqlar olduğu müəyyən edilir.
Bu halda birbaşa §18a vizası əvəzinə:
- uyğunlaşdırma kursu;
- praktiki təcrübə;
- bilik imtahanı;
- §16d üzrə tanınma vizası;
- Anerkennungspartnerschaft
kimi yollar nəzərdən keçirilə bilər.
Tanınmama
Diplomun Almaniyadakı uyğun peşə təhsili ilə müqayisə edilə bilmədiyi müəyyən olunur.
Bu halda §18a ilə ixtisaslı işçi vizası almaq mümkün olmaya bilər. Lakin iş təcrübəsi olan şəxslər üçün §19c Abs. 2 kimi başqa variantlar ayrıca yoxlanıla bilər.
§18b iş vizası nədir?
§18b AufenthG universitet və ya ali təhsil diplomu olan şəxslər üçündür.
Məsələn:
- mühəndis;
- iqtisadçı;
- mühasib;
- proqramçı;
- biznes idarəçisi;
- logistika mütəxəssisi;
- kimyaçı;
- bioloq;
- marketinq mütəxəssisi;
- layihə rəhbəri;
- müxtəlif akademik peşə sahibləri.
§18b vizası üçün xarici universitet diplomunun Almaniyada tanınması və ya Almaniya diplomu ilə müqayisə edilə bilməsi sübut edilməlidir.
Bunun üçün əsasən iki yol var:
- Anabin məlumat bazasında müsbət nəticə
- ZAB Zeugnisbewertung — diplom müqayisə sənədi
Universitet diplomu Anabin-də necə yoxlanılır?
Universitet diplomu üçün yalnız universitetin adını tapmaq kifayət deyil.
Adətən həm universitet, həm də diplom ayrıca yoxlanılmalıdır.
Universitetin statusu
Universitet Anabin sistemində adətən:
- H+ — tanınmış universitet;
- H- — tanınmayan universitet;
- H+/- — vəziyyət ayrıca qiymətləndirilməlidir
kimi göstərilə bilər.
Diplomun statusu
Diplomun özü isə adətən:
- entspricht;
- gleichwertig
kimi müsbət qiymətləndirilməlidir.
Yəni universitetin H+ olması vacibdir, amma hər zaman təkbaşına kifayət etmir. Diplomun və dərəcənin də Almaniya ali təhsil dərəcəsi ilə müqayisəliliyi göstərilməlidir.
Anabin sistemində:
- universitet tapılmırsa;
- diplomun dəqiq adı yoxdur;
- universitet H+/- statusundadırsa;
- nəticə konsulluq üçün aydın deyilsə,
ZAB-dan Zeugnisbewertung almaq lazım ola bilər.
ZAB Zeugnisbewertung nədir?
Zeugnisbewertung xarici universitet diplomunun Almaniya təhsil sistemi ilə hansı səviyyədə müqayisə edilə bildiyini göstərən rəsmi sənəddir.
Bu sənədi Almaniyanın Zentralstelle für ausländisches Bildungswesen — ZAB qurumu verir.
Zeugnisbewertung sənədində adətən aşağıdakılar göstərilir:
- diplomun verildiyi universitet;
- təhsilin səviyyəsi;
- diplomun Almaniyadakı hansı təhsil dərəcəsinə uyğun olduğu;
- diplomun alındığı ölkədə dövlət tərəfindən tanınıb-tanınmaması;
- diplomun Almaniyada hansı səviyyədə qiymətləndirildiyi.
Zeugnisbewertung peşə icazəsi deyil. Bu sənəd əsasən akademik diplomun müqayisəliliyini sübut edir.
Məsələn, xarici iqtisadiyyat, biznes, kompüter elmləri və ya mühəndislik diplomu üçün ZAB sənədi viza müraciətində istifadə edilə bilər.
İş mütləq diplomla eyni sahədə olmalıdırmı?
Yeni qaydalara əsasən, §18a və §18b üzrə iş hər zaman diplomla tam olaraq eyni sahədə olmaq məcburiyyətində deyil.
Əsas şərt odur ki, iş:
- ixtisas tələb edən iş olsun;
- sadə köməkçi iş olmasın;
- ali və ya peşə hazırlığı tələb edən səviyyədə olsun;
- əmək müqaviləsindəki vəzifələr real və aydın göstərilsin.
Məsələn, biznes idarəçiliyi diplomu olan şəxs yalnız “biznes idarəçisi” adı ilə işləmək məcburiyyətində deyil. İxtisas tələb edən satınalma, logistika, satış, ofis idarəçiliyi və ya layihə koordinasiyası kimi vəzifələr də vəziyyətə görə uyğun ola bilər.
Lakin tənzimlənən peşələrdə işlə diplom arasında uyğunluq və rəsmi peşə tanınması mütləq tələb oluna bilər.
§18a və §18b qanunda “hər bir ixtisaslı məşğulluq” üçün oturum verilməsini nəzərdə tutur.
Bu dəyişiklik “istənilən diplomla istənilən işə viza almaq olar” demək deyil.
Məsələn, universitet diplomu olan bir şəxsin:
- qablaşdırma köməkçisi;
- təmizlik işçisi;
- sadə istehsal işçisi;
- anbar köməkçisi;
- ixtisassız kuryer
kimi vəzifələr üçün §18b vizası alması adətən mümkün deyil. Çünki bu işlər ali və ya peşə ixtisası tələb edən “qualifizierte Beschäftigung” hesab olunmaya bilər.
Tənzimlənən peşə nədir?
Almaniyada bəzi peşələr qanunla tənzimlənir.
Bu peşələrdə yalnız diplom müqayisəsi kifayət etmir. Peşəni icra etmək üçün rəsmi tanınma və ya peşə icazəsi lazımdır.
Məsələn:
- həkim;
- tibb bacısı;
- əczaçı;
- müəllim;
- fizioterapevt;
- bəzi mühəndislik titulları;
- hüquq sahəsində müəyyən peşələr;
- müəyyən usta və sənətkarlıq peşələri.
Tənzimlənən peşədə işləmək istəyən üçüncü ölkə vətəndaşının adətən xarici ixtisasını tanıtması və Berufsausübungserlaubnis, Approbation və ya uyğun peşə icazəsi alması lazımdır.
Məsələn, xaricdə tibb bacısı diplomu alan şəxs diplomunu sadəcə ZAB-da yoxlatmaqla Almaniyada birbaşa tibb bacısı işləyə bilməz. Peşə tanınması və tələb olunan dil səviyyəsi ayrıca tamamlanmalıdır.
Almaniyadan iş müqaviləsi necə olmalıdır?
Diplomla iş vizası almaq üçün Almaniyadakı şirkətdən konkret iş təklifi və ya əmək müqaviləsi olmalıdır.
Müqavilədə adətən aşağıdakılar göstərilməlidir:
- şirkətin adı və ünvanı;
- işçinin adı və soyadı;
- vəzifənin adı;
- işin başlama tarixi;
- həftəlik iş saatı;
- aylıq və ya illik brüt maaş;
- iş yerinin ünvanı;
- müqavilənin müddəti;
- sınaq müddəti;
- məzuniyyət hüququ;
- əsas iş vəzifələri.
İşəgötürən çox vaxt əlavə olaraq Erklärung zum Beschäftigungsverhältnis formasını doldurmalıdır.
Bu sənəddə:
- maaş;
- iş saatı;
- vəzifə;
- müqavilənin müddəti;
- iş yerinin ünvanı;
- ixtisas tələbi;
- digər iş şərtləri
göstərilir.
Vəzifə adı ilə işin real məzmunu bir-birinə uyğun olmalıdır. Sadəcə vəzifənin adını “mütəxəssis” yazmaq işin avtomatik ixtisaslı iş hesab olunması demək deyil.
Minimum maaş nə qədər olmalıdır?
§18a və §18b üzrə bütün işlər üçün ümumi və sabit minimum maaş məbləği müəyyən edilməyib.
Maaş aşağıdakılara uyğun olmalıdır:
- peşəyə;
- iş təcrübəsinə;
- bölgəyə;
- həftəlik iş saatına;
- şirkətdəki müqayisə edilə bilən işçilərin maaşına;
- varsa Tarifvertrag qaydalarına.
Bundesagentur für Arbeit əmək şərtlərini yoxlayarkən xarici işçiyə Almaniyadakı müqayisə edilə bilən işçilərdən daha pis şərtlər təklif edilməməsinə diqqət edir.
Məsələn, eyni şirkətdə eyni vəzifədə çalışan şəxslər 3.500 avro brüt alırsa, xaricdən gətirilən şəxsə səbəbsiz olaraq 2.000 avro təklif edilməsi problem yarada bilər.
EU Blue Card üçün ayrıca minimum maaş hədləri var. Lakin normal §18a və §18b iş vizası EU Blue Card ilə eyni deyil.
45 yaşdan böyük şəxslər üçün xüsusi maaş şərti
Almaniyaya iş məqsədilə ilk dəfə gələn şəxs 45 yaşdan böyükdürsə, əlavə maliyyə şərti tətbiq oluna bilər.
2026-cı ildə belə şəxsin işindən illik ən azı 55.770 avro brüt qazanması və ya kifayət qədər pensiya təminatını sübut etməsi tələb olunur.
Bu məbləğ hər il dəyişə bilər.
45 yaşdan böyük olmaq avtomatik rədd səbəbi deyil. Maaş tələb olunan səviyyədə deyilsə, şəxsin:
- pensiya hesabları;
- daşınmaz əmlakı;
- özəl pensiya sığortası;
- əvvəlki pensiya ödənişləri;
- digər uzunmüddətli maddi təminatı
ayrıca qiymətləndirilə bilər.
Alman dili sertifikatı məcburidirmi?
§18a və §18b üzrə ixtisaslı işçi vizası üçün bütün peşələrə tətbiq edilən ümumi A1, B1 və ya B2 dil sertifikatı şərti yoxdur.
Lakin bu, alman dilinin əhəmiyyətsiz olduğu demək deyil.
Dil səviyyəsi aşağıdakılardan asılı ola bilər:
- işəgötürənin tələbindən;
- işin növündən;
- müştərilərlə ünsiyyətdən;
- təhlükəsizlik qaydalarından;
- peşənin tənzimlənib-tənzimlənməməsindən;
- peşə tanınma prosedurundan.
Məsələn:
- proqramçı üçün iş dili ingilis dili ola bilər;
- anbar logistika mütəxəssisi üçün B1 tələb edilə bilər;
- tibb bacısı üçün B2 və peşə dili imtahanı lazım ola bilər;
- həkim üçün B2 ümumi dil və C1 tibbi dil tələb oluna bilər.
İş müqaviləsində alman dili tələb olunursa, amma müraciət edən şəxs müsahibədə sadə sualları belə başa düşmürsə, konsulluq işin real olub-olmadığını sorğulaya bilər.
İş təcrübəsi məcburidirmi?
§18a və §18b vizalarında qanun üzrə bütün peşələr üçün müəyyən sayda iş təcrübəsi məcburi deyil.
Yeni məzun olan şəxs də:
- diplomunu sübut edirsə;
- uyğun ixtisaslı iş tapırsa;
- digər viza şərtlərini qarşılayırsa
müraciət edə bilər.
Lakin işəgötürən konkret vəzifə üçün iş təcrübəsi tələb edə bilər.
İş təcrübəsinin olması:
- iş tapmaq şansını artırır;
- maaş səviyyəsinə təsir edir;
- vəzifəyə uyğunluğu sübut edir;
- konsulluq və Bundesagentur für Arbeit qarşısında iş təklifini daha məntiqli göstərə bilər.
CV-də göstərilən iş təcrübəsi mümkün qədər rəsmi sənədlərlə sübut edilməlidir.
İş təcrübəsi necə sübut olunur?
Aşağıdakı sənədlər istifadə edilə bilər:
- iş arayışı;
- əmək müqaviləsi;
- sosial sığorta çıxarışı;
- işdən çıxış sənədi;
- maaş sənədləri;
- vergi sənədləri;
- tövsiyə məktubu;
- vəzifə təsviri.
İş arayışında yalnız “bu şirkətdə işləyib” yazılması zəif sübut ola bilər.
Arayışda aşağıdakılar göstərilsə daha yaxşıdır:
- işçinin adı və soyadı;
- işlədiyi tarixlər;
- vəzifənin adı;
- həftəlik iş saatı;
- gördüyü əsas işlər;
- məsuliyyət sahəsi;
- şirkətin ünvanı;
- əlaqə məlumatı;
- imza və möhür.
Sənədlər alman və ya ingilis dilində deyilsə, tərcümə tələb oluna bilər.
Bundesagentur für Arbeit nəyi yoxlayır?
Bir çox §18a və §18b müraciətində Bundesagentur für Arbeit — BA iş təklifini yoxlayır.
BA əsasən aşağıdakılara baxa bilər:
- işin ixtisaslı iş olub-olmamasına;
- maaşın uyğunluğuna;
- həftəlik iş saatına;
- əmək şərtlərinə;
- xarici işçiyə daha pis şərtlər verilib-verilməməsinə;
- vəzifə ilə təqdim olunan iş məlumatlarının uyğunluğuna;
- işəgötürənin real fəaliyyətinə.
Qanuna əsasən, BA xarici işçinin müqayisə edilə bilən yerli işçilərdən daha əlverişsiz şərtlərlə işlədilməməsini və işin ixtisaslı məşğulluq olmasını yoxlaya bilər.
Normalda şirkətin əvvəlcə Almaniyada işçi axtardığını sübut etməsi hər §18a və §18b işi üçün məcburi deyil. Lakin BA iş müqaviləsini və əmək şərtlərini yenə yoxlaya bilər.
Diplomlu iş vizası üçün hansı sənədlər lazımdır?
Dəqiq sənəd siyahısı müraciət edilən ölkəyə və Almaniya nümayəndəliyinə görə dəyişə bilər.
Adətən aşağıdakı sənədlər tələb olunur:
Şəxsi sənədlər
- etibarlı xarici pasport;
- milli viza ərizə forması;
- biometrik fotoşəkillər;
- şəxsiyyət vəsiqəsi;
- yaşayış icazəsi — başqa ölkədən müraciət edilirsə;
- ailə vəziyyəti sənədləri — tələb olunursa.
Təhsil sənədləri
- universitet və ya peşə diplomu;
- qiymət cədvəli;
- diplom əlavəsi;
- alman dili tərcüməsi;
- apostil — tələb olunursa;
- Anabin çıxarışı;
- ZAB Zeugnisbewertung;
- peşə tanınma qərarı;
- peşə icazəsi — tənzimlənən peşələrdə.
İş sənədləri
- imzalanmış əmək müqaviləsi;
- konkret iş təklifi;
- Erklärung zum Beschäftigungsverhältnis;
- ətraflı vəzifə təsviri;
- işəgötürənin dəstək məktubu — varsa;
- şirkət haqqında sənədlər — tələb olunarsa.
Peşə təcrübəsi sənədləri
- Alman dilində CV;
- iş arayışları;
- əmək müqavilələri;
- sosial sığorta sənədləri;
- kurs və sertifikatlar.
Digər sənədlər
- tibbi sığorta;
- yaşayış yeri haqqında ilkin məlumat;
- motivasiya və ya izahat məktubu;
- viza rüsumu;
- 45 yaşdan böyük şəxslər üçün maaş və ya pensiya təminatı sübutu.
Konsulluq əlavə sənədlər istəyə bilər.
Müraciət prosesi addım-addım necə gedir?
1. Diplomunun növünü müəyyən et
Universitet diplomun varsa §18b, peşə təhsili diplomun varsa §18a istiqamətini yoxla.
2. Peşənin tənzimlənən olub-olmadığını öyrən
Həkim, tibb bacısı, müəllim və digər tənzimlənən peşələr üçün ayrıca peşə tanınması tələb oluna bilər.
3. Diplomun tanınmasını və ya müqayisəliliyini sübut et
Universitet diplomu üçün Anabin və ya ZAB, peşə diplomu üçün səlahiyyətli tanınma qurumuna müraciət et.
4. Almaniyada iş tap
İxtisas tələb edən konkret iş təklifi və ya müqavilə əldə et.
5. İş müqaviləsini yoxla
Maaş, iş saatı, vəzifə, iş yeri və başlama tarixinin düzgün yazıldığına əmin ol.
6. İşəgötürən sənədlərini al
Şirkətdən Erklärung zum Beschäftigungsverhältnis və lazım olan digər sənədləri istə.
7. Konsulluğun sənəd siyahısını yoxla
Yaşadığın ölkəyə cavabdeh olan Almaniya nümayəndəliyinin aktual siyahısına əsasən sənədləri hazırla.
8. Onlayn viza müraciəti et
Milli iş vizası müraciəti Almaniya Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətləri Portalı vasitəsilə onlayn başlana bilər. Portalda sənədlər yüklənir və aidiyyəti Almaniya nümayəndəliyinə göndərilir.
9. Konsulluq görüşünə get
Orijinal sənədləri təqdim et, biometrik məlumatları ver və viza rüsumunu ödə.
10. BA və Ausländerbehörde yoxlamasını gözlə
Lazım olduqda iş şərtləri Bundesagentur für Arbeit-a və Almaniyadakı Ausländerbehörde-yə göndərilə bilər.
11. Əlavə sənəd tələbini cavablandır
Əlavə maaş sənədi, diplom sübutu, vəzifə təsviri və ya şirkət sənədi tələb edilərsə, vaxtında təqdim et.
12. Vizanı aldıqdan sonra Almaniyaya gəl
Viza etiketində ad, tarix, iş və giriş məlumatlarını yoxla.
13. Anmeldung et
Almaniyada yaşayacağın ünvan üzrə qeydiyyata düş.
14. Oturum kartına müraciət et
Milli viza müddəti bitməmiş Ausländerbehörde-də §18a və ya §18b oturum kartına müraciət et.
İşəgötürən prosesi sürətləndirə bilərmi?
Bəli. İşəgötürən müəyyən hallarda §81a AufenthG üzrə beschleunigtes Fachkräfteverfahren, yəni sürətləndirilmiş ixtisaslı işçi prosedurunu başlada bilər.
Bu prosedur işçinin özü tərəfindən deyil, Almaniyadakı işəgötürən tərəfindən Ausländerbehörde-də başladılır.
Prosedur zamanı:
- diplomun tanınması;
- Bundesagentur für Arbeit razılığı;
- Ausländerbehörde yoxlaması;
- Vorabzustimmung;
- konsulluq görüşü
koordinasiya edilə bilər.
Prosedurun rəsmi ödənişi hazırda 411 avrodur. Əlavə olaraq diplom tanınması və tərcümə xərcləri yarana bilər.
Sürətləndirilmiş prosedur vizanın mütləq veriləcəyinə zəmanət vermir. Rəsmi mənbə də bu prosedurun avtomatik viza təsdiqi yaratmadığını bildirir.
Viza nə qədər müddətə verilir?
§18a və §18b üzrə oturum icazəsi ümumiyyətlə əmək müqaviləsinin müddətinə uyğun verilə bilər.
Qanuna əsasən, §18a və §18b oturumu maksimum dörd il müddətinə verilə bilər. Əmək müqaviləsi və ya BA razılığı daha qısa müddətlidirsə, oturum həmin müddətə və əlavə üç aya qədər verilə bilər, lakin ümumi müddət dörd ildən çox ola bilməz.
Məsələn:
- müqavilə müddətsizdirsə, oturum dörd ilə qədər verilə bilər;
- müqavilə iki illikdirsə, oturum iki il və əlavə üç aya qədər verilə bilər;
- pasportun müddəti qısadırsa, oturum daha qısa verilə bilər.
İş yerini dəyişmək mümkündürmü?
İş yerini dəyişmək mümkündür, lakin oturum kartındakı və Zusatzblatt sənədindəki qeydlər yoxlanmalıdır.
Bəzi oturumlarda:
- konkret şirkət;
- konkret vəzifə;
- müəyyən iş növü
qeyd oluna bilər.
Belə halda yeni işə başlamazdan əvvəl Ausländerbehörde-nin icazəsi tələb olunur.
Sadəcə əvvəlki işdən çıxaraq yeni şirkətdə işləməyə başlamaq oturum qaydalarının pozulmasına səbəb ola bilər.
Yeni iş də ixtisaslı iş olmalı və §18a və ya §18b şərtlərini qarşılamalıdır.
İş müqaviləsi ləğv olunarsa nə etmək lazımdır?
İşini itirdikdə bunu Ausländerbehörde-dən gizlətmək olmaz.
Aşağıdakı addımları atmaq lazımdır:
- Ausländerbehörde-yə məlumat ver.
- Agentur für Arbeit-da işsiz kimi qeydiyyatdan keç.
- Yeni ixtisaslı iş axtar.
- Oturum kartının şərtlərini yoxla.
- Yeni müqaviləni Ausländerbehörde-yə təqdim et.
- Yeni iş üçün icazə almadan işə başlama.
İş müqaviləsinin bitməsi oturumun həmin gün avtomatik ləğv olması demək olmaya bilər. Lakin oturumun əsas məqsədi iş olduğu üçün Ausländerbehörde vəziyyəti yenidən qiymətləndirəcək.
Ailə birləşməsi mümkündürmü?
§18a və §18b üzrə Almaniyada çalışan şəxsin:
- həyat yoldaşı;
- 18 yaşdan kiçik və evli olmayan uşaqları
ailə birləşməsi ilə Almaniyaya gələ bilər.
İxtisaslı işçinin həyat yoldaşı üçün bəzi hallarda əvvəlcədən A1 alman dili sertifikatı tələb olunmur.
Ailə birləşməsi ilə gələn həyat yoldaşına adətən Almaniyada işləmək hüququ verilir.
Ailə birləşməsi üçün:
- nikah sənədi;
- doğum sənədləri;
- tibbi sığorta;
- yaşayış xərcləri;
- Almaniyada yaşayan şəxsin oturum kartı;
- əmək müqaviləsi;
- maaş sənədləri
tələb oluna bilər.
Daimi oturum almaq mümkündürmü?
§18a və ya §18b üzrə ixtisaslı işçi müəyyən şərtləri qarşılayarsa, sonradan Niederlassungserlaubnis, yəni daimi oturum üçün müraciət edə bilər.
Adətən aşağıdakılar yoxlanılır:
- müəyyən müddət ixtisaslı işçi kimi yaşamaq;
- pensiya sığortası ödənişləri;
- alman dili biliyi;
- yaşayış xərclərinin təmin olunması;
- cinayət qeydinin olmaması;
- Almaniyanın hüquqi və sosial sistemi haqqında əsas bilik;
- uyğun yaşayış sahəsi.
Almaniyada universitet və ya Ausbildung bitirən şəxslər üçün daha qısa müddətlər tətbiq oluna bilər.
EU Blue Card ilə §18b arasındakı fərq nədir?
Universitet diplomu olan şəxs həm §18b iş vizasına, həm də şərtləri qarşılayırsa EU Blue Card-a müraciət edə bilər.
§18b iş vizası
- universitet diplomu tələb olunur;
- iş ixtisaslı iş olmalıdır;
- bütün işlər üçün sabit minimum maaş həddi yoxdur;
- işin diplomla tam eyni sahədə olması hər zaman məcburi deyil.
EU Blue Card
- universitet və ya müəyyən səviyyəli ali təhsil tələb olunur;
- iş diplomla uyğun olmalıdır;
- minimum maaş həddi var;
- iş təklifi ən azı altı ay olmalıdır;
- daimi oturum və Aİ daxilində hərəkət baxımından əlavə üstünlüklər verə bilər.
2026-cı ildə EU Blue Card üçün ümumi minimum illik brüt maaş 50.700 avrodur. Çatışmazlıq peşələri və son üç ildə diplom almış yeni məzunlar üçün aşağı hədd 45.934,20 avrodur. Bu məbləğlər hər il dəyişir.
Maaş Blue Card həddinə çatmırsa, şəxs yenə də §18b üzrə normal ixtisaslı işçi vizasına uyğun ola bilər.
Diplom tam tanınmayıbsa başqa hansı yollar var?
Diplomun §18a və ya §18b üçün uyğun olmaması bütün yolların bağlandığı demək deyil.
Vəziyyətə görə aşağıdakı variantlar ola bilər:
- §16d üzrə diplom tanınması vizası;
- Anerkennungspartnerschaft;
- §19c Abs. 2 üzrə peşə təcrübəli işçi vizası;
- EU Blue Card;
- IT mütəxəssisləri üçün xüsusi qaydalar;
- Ausbildung;
- Fürsət kartı;
- Almaniyada əlavə təhsil.
Anerkennungspartnerschaft vasitəsilə şəxs işəgötürənin dəstəyi ilə Almaniyaya gəldikdən sonra tanınma prosesini davam etdirə və eyni zamanda işləyə bilər. Bu oturum ilkin olaraq 12 aya qədər verilə və şərtlər qarşılanarsa ümumilikdə üç ilə qədər uzadıla bilər.
Viza niyə rədd edilə bilər?
Aşağıdakı hallar rədd qərarına səbəb ola bilər:
- diplomun tanınmaması;
- universitet və diplomun Anabin nəticəsinin uyğun olmaması;
- peşə diplomunun tam tanınmaması;
- işin ixtisaslı iş hesab edilməməsi;
- sadə istehsal və ya köməkçi iş təklifi;
- əmək müqaviləsinin real olmaması;
- maaşın çox aşağı olması;
- şirkətin real fəaliyyət göstərməməsi;
- vəzifə ilə diplom və təcrübə arasında izah edilə bilməyən uyğunsuzluq;
- tənzimlənən peşə üçün icazənin olmaması;
- saxta iş təcrübəsi sənədləri;
- saxta diplom və ya dil sertifikatı;
- sənədlərin natamam təqdim edilməsi;
- 45 yaşdan böyük şəxsin maaş və pensiya şərtini qarşılamaması;
- konsulluq suallarına ziddiyyətli cavablar.
Diplomun olması avtomatik olaraq viza hüququ yaratmır. Diplom, iş və əmək şərtləri birlikdə qiymətləndirilir.
Dələduzlardan diqqətli ol
Aşağıdakı vədlərə inanma:
- “Diplomun varsa yüz faiz viza çıxacaq.”
- “Sənə saxta iş müqaviləsi hazırlayacağıq.”
- “İxtisassız işi mütəxəssis kimi göstərəcəyik.”
- “Konsulluqda tanışımız var.”
- “Diplomu tanıtmadan §18a vizası alacağıq.”
- “Anabin-də universitetin H+ olması kifayətdir.”
- “İşə getmədən yalnız müqavilə ilə oturum ala bilərsən.”
- “Pul ver, şirkət sənə formal müqavilə versin.”
Saxta iş müqaviləsi və saxta sənəd viza rəddinə, oturumun ləğvinə, ölkədən çıxarılmağa və gələcək giriş qadağasına səbəb ola bilər.
İşəgötürəni yoxlamaq üçün:
- şirkətin internet saytına;
- Handelsregister məlumatlarına;
- ünvanına;
- rəsmi e-poçtuna;
- telefon nömrəsinə;
- əmək müqaviləsinə;
- şirkətlə keçirilən müsahibəyə
diqqət et.
Nəticə
Diplomla Almaniyaya iş vizası almaq üçün əsas yol belədir:
- Diplomunun növünü müəyyən et.
- Peşənin tənzimlənən olub-olmadığını yoxla.
- Universitet diplomunu Anabin və ya ZAB vasitəsilə sübut et.
- Peşə diplomunu Almaniyada tanıt.
- İxtisas tələb edən real iş tap.
- Əmək müqaviləsi və işəgötürən sənədlərini hazırla.
- Maaş və iş şərtlərinin uyğunluğunu yoxla.
- Konsulluq portalından iş vizasına müraciət et.
- Vizanı aldıqdan sonra Almaniyaya gəl.
- Anmeldung və oturum kartı prosesini tamamla.
Unutma: sadəcə diplomun olması kifayət etmir. Diplomun Almaniyada qəbul edilməsi, real ixtisaslı iş təklifi və qanuna uyğun əmək şərtləri birlikdə olmalıdır.
Doğru məlumatı öyrən, diplomunun statusunu əvvəlcədən yoxla və saxta iş müqaviləsi satan vasitəçilərə pul vermə.
Rəsmi mənbələr və linklər
Make it in Germany — İxtisaslı işçilər üçün iş vizası
https://www.make-it-in-germany.com/en/visa-residence/types/work-qualified-professionals
Almaniya Yaşayış Qanunu — §18a peşə diplomlu ixtisaslı işçi
https://www.gesetze-im-internet.de/aufenthg_2004/__18a.html
Almaniya Yaşayış Qanunu — §18b universitet diplomlu ixtisaslı işçi
https://www.gesetze-im-internet.de/aufenthg_2004/__18b.html
Xarici universitet diplomlarının qiymətləndirilməsi
https://www.make-it-in-germany.com/en/working-in-germany/recognition/foreign-academic-qualifications
Xarici ixtisasların tanınması
https://www.make-it-in-germany.com/en/working-in-germany/recognition
Anerkennung in Deutschland — Tanınma portalı
https://www.anerkennung-in-deutschland.de
Anabin — Universitet və diplom bazası
https://anabin.kmk.org
ZAB — Xarici universitet diplomlarının qiymətləndirilməsi
https://zab.kmk.org
Make it in Germany — EU Blue Card
https://www.make-it-in-germany.com/en/visa-residence/types/eu-blue-card
Almaniya Xarici İşlər Nazirliyi — Konsulluq Xidmətləri Portalı
https://digital.diplo.de
Almaniya Xarici İşlər Nazirliyi — Viza məlumatları
https://www.auswaertiges-amt.de/en/visa-service
Qeyd: Maaş hədləri, tələb edilən sənədlər və konsulluq prosedurları dəyişə bilər. Müraciətdən əvvəl yaşadığın ölkədəki Almaniya səfirliyinin və ya baş konsulluğunun aktual sənəd siyahısını yoxla.